Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə,həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın bu ilin iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına etiraz məqsədi ilə aksiya keçirən dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirilməsi, çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq edilərək xəsarətlər yetirilməsi ictimayyətimiz tərəfindən hiddətlə qarşılanmışdır. Ermənilərin törətdiyi bu təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir.
Ermənilərin bu təxribatları, eləcə də terrorçu fəaliyyəti nə bizim üçün, nə də zaman-zaman erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yeni deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirmiş, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş, 24 türk diplomatını qətlə yetirmişdir. 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları həyata keçirmişdir. Tarixə çevrilmiş bu faktlara görə ermənilər terrorçuluq və vandalizm əməllərinə heç cür haqq qazandıra bilməyəcəklər.
Azərbaycan diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatlar bir daha onu göstərir ki, Ermənistan öz dövlət siyasətini terror üzərində qurub, onun xarici siyasəti terrorizmə və vandalizmə söykənmişdir. Bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyatı orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Çünki Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir.
Bü gün ictimayyətimizi hiddətləndirən məsələlərdən biri də, adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq – müdafiə təşkilatlarının susqunluğudur. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir.