Dünən xalqımızın Orduya dəstək yürüşünün izdihamını görəndə sevindim, qürur duydum, amma içimdə bir narahatçılıq hissi də keçiridim.
Çünki, bu izdihamın önündə gedən nə bir ziyalını, nə nüfuzlu bir millət vəkillini, nə də bir ağsaqqalı gördüm. Axı bizim birliyimizi istəməyən, ölkəmizin əldə etdiyi nailiyyətləri, qazandığı uğurları, güc, qüdrət sahibi olmasını həzm edə bilməyənlər az deyil. Gecə baş verən bəzi xoşagəlməz hadisələr mənim narahatçılığımın əbəs olmadığını göstərdi. İllərlə niyyət və əməlləri  daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan  qüvvələrin əlinə sanki yeni bir fürsət düşdü. Kütləvi yürüşün əsas qüvvəsinin gənclər olduğu onlara sərf edirdi. Bunun əsas səbəbi gənclərin daha enerjili və daha tez təsir altına düşə bilmələridir. Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsərində yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, ayrı-ayrılıqda onu həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Həmin qüvvələr kütlə psixologiyasından istifadə edərək Azərbaycanda sabitliyin pozulması missiyasını həyata keçirmək istədilər, amma polislərimizin təmkin göstərərək, gənclərimizi sivil qaydada sakitləşdirməsi o, qüvvələrin öz xəbis niyyətlərini həyata keçirmək arzusunu ürəyində qoydu. Könüllü olaraq döyüşə getmək üçün müraciət edən, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək istəyən vətənpərvər gənclərimizə səslənirəm, gəlin bizim birliyimizi pozmaq istəyən qüvvələrə  qarşı  bir olaq, təxribatlara uymayaq, əzəli, əbədi düşmənimizi məhv edib, torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyək.